Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itkilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və  8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət  bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi. Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək.

Yaşasın Cənab Ali Baş Komandan!

Yaşasın Azərbaycan ordusu!

Yaşasın Azərbaycan xalqı!

 

Rizvan Mahmudov

Azərbaycan Dövlət Pedaqoji Universiteti