Erməni miflərinə son

10 Noyabr 2023, 21:39

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanı diz üstə çökdürməsi, məğlub etməsi faktını heç cür qəbul edə bilməyən bəzi Qərb siyasətçiləri və ziyalıları bu cür saxtakarlıqları görmür, işğaldan azad etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək taleyindən “narahatlıq” ifadə edirlər. Şübhəsiz, bu cür hay-küy salanların məqsədi Xristianlığın deyil, Ermənistanın təəssübünü çəkməkdir. Bu həm də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın və əhalisinin, demək olar ki, hamısı xristian olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi din siyasətindən bixəbərlikdir, Ermənistanın dövlət səviyyəsində müsəlman abidələrinə qarşı törətdiyi vəhşiliklərə gözünü, ağzını və qulağını bağlamaqdır – yapon pritçasındakı “üç meymun”u oynamaqdır. Ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst şəkildə öz əqidə formasını seçməsi, dini dözümlülük şəraitinin mövcudluğu, dövlətimizin din siyasətinin uğurları bir çox beynəlxalq təşkilat, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən dəfələrlə etiraf olunub, Azərbaycanın dövlət-din münasibətləri modeli nümunə göstərilib. Azərbaycan milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan tarixi-mədəni irsin qorunub-saxlanmasına, təmir-bərpasına və yenidən qurulmasına xüsusi diqqət ayırır. Maddi-mədəniyyət abidələrinin bərpası və qorunmasına daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə qədim tarixi abidələr yenidən qurulur, yeniləri inşa edilir. Xalqımızın genetik yaddaşından irəli gələn müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşmaq ənənəsinin dövlət siyasəti ilə də dəstəklənməsinin nəticəsidir ki, ölkədəki tolerantlıq gün-gündən daha da möhkəmlənir, ölkəmiz dünyada multikulturalizmin mərkəzinə çevrilib. Ancaq nədənsə “narahat” Qərb bunları görmür. Əslində, biz onlardan bunu heç gözləmirik də. Çünki xislətləri budur. Ancaq biz onlardan, cənab Prezidentin dediyi kimi, hər şeydən əvvəl, güzgüdə özlərinə baxmalarını istəyirik: “Bu gün Xristianlığı əlində bayraq edib, özünü “Xristianlıq təəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsə unudurlar ki, Xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olub və buradakı qədim xristian abidələri də xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir aidiyyəti yoxdur. … Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. …Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Özlərinə yoxdan mədəniyyət yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə, tarixi abidələrdən kulinariyaya, coğrafi adlardan tarixi şəxsiyyətlərə qədər bir çox məsələdə zaman-zaman ifşa olunan erməni saxtakarlıqları bu gün də öz “axarındadır”. Özü də bu mənimsəmə təkcə biz azərbaycanlılara qarşı yönəlməyib. Bu gün yaşadığımız regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı iddiası olmasın. Şübhəsiz, həmişə bu işlərin “əsas hərəkətverici qüvvəsi” dünyanın müxtəlif bölgələrinə səpələnmiş, geniş maliyyə imkanlarına malik olan çoxsaylı erməni təşkilatları, Erməni-qriqoryan Kilsəsi, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilər olub. Onlar üçün sadə ermənin rifah içində, qonşuları ilə mehriban şəraitdə yaşaması heç vaxt maraqlı olmayıb. Əksinə, tarix boyu millətlərarası ədavətin qızışdırılmasına və baş qaldıran münaqişələrdə öz maraqlarının təmin olunmasına çalışıblar. Nuh peyğəmbərdən tutmuş bir çox tarixi şəxsiyyətin erməniləşdirmək, ilk dəfə odun əldə olunması, təkərin icadı, ilk dəfə metalın əridilməsi, ilk əlifbanın yaradılması, ilk su kanallarının çəkilişi və s. Kimi tarixi kəşfləri, ixtiraları öz adlarına çıxmaq, özünü “ali mədəniyyətin daşıyıcısı” adlandırmaq – bütün bu iddialar yalnız bir şeydən xəbər verir: bu etnos ciddi şəkildə natamamlıq kompleksindən əziyyət çəkir.

 

Cahan Nəcəfova

Bakı Dövlət Universiteti