Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib. İki avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub. 77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsünü bıçaqlayıb.