Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”

Son illər Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bu, hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, bütünlükdə Qafqaz regionunun inkişafı üçün önəmlidir. Xatırladaq ki, Orta Asiyada  Azərbaycanın ilk səfirliyi Özbəkistanda 19 iyun 1997-ci il açılıb. Ümummilli lider Heydər Əliyevin bu açılışda iştirak edib. Daşkənddə Azərbaycan səfirliyi binasında soydaşlarımızla görüşdə ulu öndər Heydər Əliyev çıxışında deyib ki, azərbaycanlılar harada yaşasalar da öz ana Vətəninə, doğma Vətəninə qayğı göstərməlidirlər, imkanları dairəsində kömək etməlidirlər, onu unutmamalıdırlar, doğma Vətəninin qayğıları ilə yaşamalıdırlar.

2004-cü ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib. O zamanı Prezident dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edib, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşüb. Prezidentin Özbəkistana növbəti səfəri isə 2010-ci ilin sentyabrında olub. Özbəkistanda Azərbaycanla bağlı dəyərlərə həmişə hörmətlə yanaşılır. Bunu həmin səfər çərçivəsində də görmək mümkün olub. Prezident İlham Əliyev bu səfərdə də Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkib. Yeni təmir olunan mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri var. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları fəaliyyət göstərir. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb.

Prezident İlham Əliyevin Özbəkistana bu səfəri bu münasbətlərin möhkəmlənməsinə təkan vermişdir.

Ulu Öndər Heydər Əliyevin iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə müvafiq olaraq Daşkənddə Heydər Əliyev adına küçə və meydan mövcuddur. Ötən ilin iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd edib: “Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi”.

Azərbaycan-Özbəkistan əlaqələri İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində də genişlənir. Prezident İlham Əliyevin cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışında bu haqda da danışıb: “ Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edirəm. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.

Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir. Özbəkistan Azərbaycanla ticarət-iqtisadi, tranzit-nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır. Bununla bağlı yaxşı perspektivlər var. Özbəkistan üçün Bakıdan keçən nəqliyyat koridorları, Azərbaycan üçün isə Özbəkistanın Cənub-Şərqi Asiyaya çıxışı maraqlıdır. Cənab Prezidentin dediyi kimi Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır”.

Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi son beş ildə artmaqda davam edir. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Ticarət baxımdan iki dövlət  böyük potensiala malik və bu tempin artması üçün Özbəkistan Azərbaycanla əməkdaşlığı genişləndirir. Özbəkistan hər zaman Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuşdur. Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.

Özbəkistan Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb. Münasibətlər ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır. Bu iki dost və qardaş dövləti baxışların, yanaşmaların və maraqların vəhdəti birləşdirir.

 

Gülzar İbrahimova,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor