Heftelik.az millət vəkili Fatma Yıldırımın bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışını təqdim edir:
Hörmətli xanım sədr,
hörmətli millət vəkilləri,
hörmətli cənab Baş Nazir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin siyasi iradəsinin ifadəsi olaraq həyata keçirilən genişmiqyaslı islahatların sistemli şəkildə davam etdirilməsi hər bir sahənin dinamik inkişafında özünü göstərməkdədir. Bu məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük uğurlara imza atıb.
Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər və lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa tam açmışdır.
Biz Azərbaycan xalqı olaraq 2023-cü ildə – “Heydər Əliyev İli”ndə, cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümündə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələr yaşadıq. Bu ilin aprel ayında bütün beynəlxalq təzyiqlərə rəğmən Ermənistanla şərti dövlət sərhədində Laçın nəzarət buraxılış məntəqəsi yaradıldı. Hansı ki, cənab Prezidentin dediyi kimi bu, ərazi bütövlüyümüzün bərpası idi. Eyni zamanda, sentyabr ayında lokal anti-terror tədbirləri nəticəsində dövlət suverenliyimiz də tam təmin olundu. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavəndə, yəni bütün Qarabağda üçrəngli bayrağımızın dalğalanmasından sonsuz dərəcədə qürur duyuruq.
Və əlbəttə ki, bundan sonra da dövlətimizin əsas milli hədəfləri Qarabağı dirçəltmək, dağıdılmış şəhərlərimizi, infrastrukturu bərpa edərək Böyük Qayıdışı təmin etməkdir. Son üç ildə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, döyüş meydanında düşməni diz çökdürərək kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Və bildiyiniz kimi, ötən il Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Bu il isə keçmiş məcburi köçkünlərimiz Tərtərin Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə böyük sevinc və qürur hissləri ilə qayıtmışdırlar. Və müsbət haldır ki, gələn ilin dövlət büdcəsində də Böyük Qayıdışa dair mühüm tədbirlər üçün prioritet xərclər nəzərdə tutulmuşdur.
Eyni zamanda, növbəti ilin büdcəsində hərbi və müdafiə sənayesi üçün xərclərin artırılması da çox önəmlidir. Qarabağ münaqişəsi başa çatsa da Ermənistan bölgədə sülhə qarşı qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Belə bir şəraitdə ölkəmizin müdafiə xərclərinin artırılması, diqqətdə saxlanılması tamamilə məqsədəuyğundur və doğrudur.
Ümumilikdə, hesab edirəm ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi, maliyyə siyasəti dövlət büdcəsi xərclərinin maliyyə təminatına əsaslı imkanlar yaradır. Eyni zamanda Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyini və müvafiq təkliflərini də müsbət qiymətləndirirəm.
Hörmətli həmkarlar,
hörmətli hökumət üzvləri,
İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı da uğurla icra edilir. Bu inkişaf təmsil etdiyim Bərdə rayonunda da özünü göstərir. Lakin bununla belə, rayonda bir sıra sahələrdə işlərin sürətləndirilməsinə ehtiyac var. Həmçinin həllini gözləyən problemlər də var ki, fürsətdən istifadə edərək onları hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.
İlk öncə bildirmək istəyirəm ki, çoxsaylı seçicilərimin istəklərini nəzərə alaraq Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələrinin iştirakı ilə oktyabr ayında Bərdədə keçirdiyimiz görüşdə seçicilərimiz tərəfindən rayonda yeni xəstəxana binasının tikintisinin vacib olduğu diqqətə çatdırıldı. Belə ki, rayonda bir sıra tibb müəssislərinin bu xəstəxanaya köçürülməsi, eləcə də iki yüz min nəfərdən artıq Bərdə rayon əhalisi ilə yanaşı qonşu rayonların sakinlərinin Bərdə xəstəxanasına müraciəti nəticəsində xəstəxanada yaranmış sıxlıq, həmçinin maddi-texniki bazanın zəif olması tam standartlara cavab verəcək tibb xidmətini təşkil etməyə imkan vermir. Bu da vətəndaşların şikayətlənməsi ilə nəticələnir. Səhiyyə standartlarına cavab verən yeni xəstəxananın tikilərək Bərdə əhalisinin istifadəsinə verilməsi qaldırılan problemin həllinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.
Seçicilərim tərəfindən qaldırılan məsələlərdən biri də elektrik enerjisi infrastrukturunun yenidən qurulması ilə bağlıdır. XXI əsrdə rayonumuzda bu problem çox qabarıq şəkildə özünü göstərməkdədir və vətəndaşların şikayətləri bu istiqamətdə olduqca çoxdur. Təmsil etdiyim 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Həsənqaya, Mirasəfli, Mirzəxan, Həsənli, Köbərkənd, Hacıbəyli, Kafarlı, İkinci Nazırlı, Cicimli, Mollagüllər, Qaraqoyunlu, Kürdborakı, Birinci Qazaxlar kəndlərində elektrik xətlərinin kabelləşməsinə çox böyük ehtiyac vardır.
Həlli vacib olan məsələlərdən biri də suvarma və içməli su problemidir. Belə ki, rayonun Sərhad Zöhrabbəyov küçəsi, İkinci Nazırlı, Mirzalıbəyli, Həsənli, Mirzəxan, Cəyirli, Qarağacı, Kürdborakı, Samux kəndlərinin içməli və suvarma su təminatının yaxşılaşdırılması vətəndaşlar tərəfindən ən çox müraciət edilən məsələlərdən biridir.
Hökümətdən növbəti ilin büdcəsində seçicilərimin qaldırdıqları bu vacib problemlerin həllinin nəzərə alınmasını xahiş edirəm.
Ümumilikdə, 2024-cü ilin büdcəsinin müttərəqqi olduğunu qeyd etmək istəyirəm, sənədin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Mən qanun layihəsinin lehinə səs verəcəm və Həmkarlarımı da səs verməyə çağırıram.
Diqqətinizə görə təşəkkür edirəm.