Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır. Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz geri çəkilsin. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.

Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlət başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.

Hər birimizə yaxşı məlumdur ki, 44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir norma və əxlaqa sığmayan vasitələrə əl atmış, xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, cəbhə xəttindən, döyüşlər gedən ərazilərdən çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutmuş, 100-ə yaxın dinc sakin həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, minlərlə binalar dağıdılmış, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfər edərkən ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdikləri ilə bağlı fikirlər səsləndirdi. Cənab Prezident göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaqlar. Otuz ilə yaxın müddətdə vəhşi düşmən işğal altında olan bütün torpaqlarımızda soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri və Laçını tərk edərkən də evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Sözsüz ki, dövlət başçısının qeyd etdiyi kimi, bu vəhşiliklərin cavabı düşməndən soruşulacaq və onlar etdiklərinə, törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Ancaq dövlət başçısı bu günün reallıqlarından çıxış edərək daha vacib olan və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşmasına kömək edə biləcək məsələləri gündəmə gətirir, müharibədən əziyyət çəkən insanların həyatının normallaşmasına çalışır. Əlbəttə ki, müharibə qansız-qadasız, dağıntısız ötüşmür, onun öz qanunları var. Ancaq xalqımız 30 ildən çox idi ki, amansız, zalım, nə sülh, nə də müharibə qanunlarını saya salmayan, beynəlxalq normalara məhəl qoymayan vəhşi bir düşmənlə – erməni faşistləri ilə üz-üzə idi. Təcavüzkarlar sərsəm bəyanatlar səsləndirir, xalqımızın qüruruna toxunur, yeni tələblər irəli sürür və özlərini məğlubedilməz hesab edirdilər. Ən mötəbər beynəlxalq təşkilatların qərarlarını, qətnamələrini kağız parçası hesab edir, sülh təkliflərini qulaqardına vurur, heç kimi eşitmək istəmirdilər. Ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz, igid əsgər və zabitlərimiz azğınlaşmış erməni təcavüzkarlarının, onların havadarlarının dərsini verdi, ordumuzun, xalqımızın birliyi və şücaəti bütün dünyaya nümayiş etdirildi. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsidir. Bu haqqın-ədalətin zəfəridir. Bu, Prezidentlə xalqın, ordunun birliyinin təntənəsidir. Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə fəxr edir.

Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Göründüyü kim, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı.

Vətən müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Müharibə bir neçə istiqamətdə qızğın xarakter alır, Azərbaycan isə bütün istiqamətlərdə Ermənistanı və onu himayə edən qüvvələri hər keçən gün bir az daha artıq məhv edirdi.

 

 

Zərinə Hümbətova

Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci