Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə növbəti məhkəmə istintaqı yekunlaşıb.

Heftelik.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda vəkil Aytac Əliyevanın səhhətində problem yarandığını və bu problemin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinə zamanı ilkin onkoloji xəstəliyin yaranmasına görə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması üçün vəsatətlə çıxış edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Əliyevanın (Turkut) isə məhkəmə zalında həbs edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.