Neftçi”nin veteran futbolçusu İqor Mitreskinin apasport.az saytına müsahibəsi:
– Hazırda nə işlə məşğul olursunuz?
– Azərbaycan futbolu ilə maraqlanırsınız?
– Əlbəttə, Azərbaycan futbolu ilə maraqlanıram. Amma yalnız mətbuat vasitəsilə. Boş vaxtım olanda, Azərbaycan mətbuatını oxuyuram. Futbolunuzun hazırkı durumu ilə maraqlanıram, nə baş verdiyini bilirəm. Orada dostlarım da var, danışırıq.
– “Neftçi”dən ayrıldıqdan sonra Azərbaycandan təklif almışdınız?
– Azərbaycandan konkret təklifim yox idi. Sadəcə “Neftçi” rəhbərliyi ilə danışmışdım. Transferlərlə bağlı kömək etmək üçün. Amma belə, Azərbaycandan təklifim olmayıb, heç kim zəng etməyib. Əgər olacaqsa, müzakirə edərəm. Əvvəllər sadəcə danışıqlar olmuşdu.
– “Neftçi”nin hazırkı durumunu necə dəyərləndirirsiniz? Baş məşqçi və heyət dəyişdirildi. Amma nəticə yoxdur…
– Bəli, baş məşqçi dəyişdi və Adrian Mutunu gətirdilər. Amma görürəm ki, son oyunlarda komandada işlər istədikləri kimi getmir. Yayda çoxlu transferlər ediblər. Bilmirəm, düz ediblər, ya yox, hər halda transfer siyasəti ilə məşğul olanlar var. Azərbaycan futbolunun mentalitetini bilirəm. Görürəm ki, komandada az sayda yerli oyunçu və az sayda yerli mütəxəssislər var. Bu mənada, transferlərin doğru olub-olmadığını həmin işlərlə məşğul olanlardan soruşmaq lazımdır. Sadəcə yəqin ki, baş məşqçi və futbolçuların Azərbaycan futboluna öyrəşməsi üçün zaman lazımdır. Lakin “Neftçi”də çox vaxt vermirlər. Çünki komanda “xalq komandası” adlandırılır, daim yüksək yerlər, çempionluq üçün oynayır. Mənim vaxtımda da belə idi, daim Premyer Liqada çempionluğa, ölkə kubokunu qazanmağa, avrokuboklara oynayırdıq. Düşünürəm ki, zamanla baş məşqçi və futbolçulardan bunları tələb edəcəklər. Fikrimcə, futbolçular üçün hər cür şərait yaradılıb. Klubun yeni bazası, keyfiyyətli meydanlar və stadionlar var. Maddi baxımdan da vəziyyətin yaxşı olduğunu düşünürəm. Futbolçular necə oynadıqlarını, necə işləməli olduqlarını düşünməlidir. Hər halda, Azərbaycan futbolunun “flaqman”ı “Neftçi”dir.
– Adrian Mutu yeni gələndə çoxları düşünürdü ki, “Neftçi”də işlər yaxşı olacaq.
– Komanda aşağılardadırsa, yuxarı qalxmaq çətin olur. “Zirə” indi yaxşı durumdadır, “Qarabağ” 15 ildir stabildir. Az xalla dərhal yuxarı qalxmaq çox çətindir. Komanda toparlanmalıdır. “Neftçi”də yerli futbolçu az-az görürəm. Mənim vaxtımda yerli və xarici futbolçular var idi, baş məşqçimiz Arif Əsədov idi. Sonradan isə Böyükağa Hacıyev oldu. Yerli, gənc futbolçular çox idi. Biz də təcrübəli, legioner kimi onlardan tələb edirdik ki, onlar da çempionluq üçün oynasın, çalışsın. Fikrimcə, hazırda “Neftçi”də həddən artıq legioner var.
– Fanatlar da Mutudan narazıdır və hətta “Sumqayıt” məğlubiyyətindən sonra onu istefaya da səslədilər…
– Bəli, azarkeşlər narazıdır. Mən də baxdım, “Sumqayıt”la görüşdəki məğlubiyyəti gördüm. Nə bilim, evdə “Sumqayıt”a 1:2 uduzmaq? Qorxulu deyil. Amma “Neftçi” çempionatda daha yaxşı işlər görmək istəyirsə, “Sumqayıt” kimi komandalara uduzmamalıdır. Məncə, hazırda ən yaxşı komanda “Qarabağ”dır. “Zirə”nin də hazırkı vəziyyətini qeyd etmək olar. Digər komandalar isə oyun keyfiyyətinə görə eyni səviyyədədir. “Neftçi” bugünkü gündə ən azı “üçlük”də olmalıdır. Çempionluq alınmırsa, ən azından, 2-3-cü yerlər üçün oynamalıdır. Amma indiki kimi 7-8-ci yerlərdə olmamalıdır. “Neftçi” üçün bu sadəcə ayıbdır.
– Sənin oynadığın “Neftçi” ilə indiki arasında hansı fərqlər var?
– Böyük fərq var. Futbolçuların xarakteri və keyfiyyətində də fərq hiss edilir. Baş məşqçinin keyfiyyətini də qeyd etmək olar. Arif Əsədovu tərifləmək istəyirəm. Sadıq Sadıqov, Tahir Süleymanov, Bəxtiyar Musayev və komandada işləyənlər mübarizə aparırdı. Harada necə oynamaq lazım olduğunu bilirdilər. Yerlilər işləyirdi. Yerli və xarici futbolçular arasında hörmət və anlaşma var idi. O vaxt hansı stadionlarda oynadığımızı bilirsiniz. Amma məncə, indi vəziyyət düzəlib. Məşq və oyun stadionlarının keyfiyyəti düzəlib. Onda yalnız Tofiq Bəhramov və bir neçə orta səviyyəli stadionlarda oynayırdıq.
– Bakıya gələrək, “Neftçi”nin oyunu izləmək planında var?
– Bakıya ailəmlə gəlmək istəyirəm. Sadəcə zaman azdır. Uşaqlar da məktəbə gedir. Ümidvaram ki, gələcəyəm. Bakıya gələndə keçmiş dostlarla görüşəcəyəm, “Neftçi”nin və ya millinin oyunlarına baxacağam. Orada dörd il yaşamışam, həqiqətən də Bakı üçün darıxmışam. Vaxt olan kimi Avropaya gedirəm. Bakıya da gələcəyəm.
Bu yaxınlarda mətbuatdan oxudum ki, “Neftçi”yə İsveçdən idman direktoru gəlib. O Azərbaycan futbolu haqda nə bilir, anlamıram. Yaxşı insan olub, futbolu bilə bilər. Ancaq yaxşı transfer edəcəyinə şübhə edirəm. Ona görə rəhbərlik kimi dəvət edib-etməyəcəyini düşünməlidir. Həqiqətən də, şokdayam.
– Vaxtı ilə, siz Azərbaycanda oynayanda, şimali makedoniyalı oyunçular çox oynayırdı. İndi isə cəmi bir futbolçu var. Sizcə bunun səbəbi nədədir? Şimali makedoniyalı oyunçular Azərbaycanda oynamağa isti yanaşmır, yoxsa Azərbaycan klubları üçün maraqlı gəlmirlər?
– Bəlkə əvvəllər skautlar, ya məşqçilər futbolçuları izləyirdi. Amma Şimali Makedoniyada çox keyfiyyətli oyunçular var. Sadəcə Azərbaycan klubları hər zaman azad agent olan oyunçu istəyir. Bu da həmişə alınmır. Bizim liqa zəif olsa da, çox yaxşı futbolçular var. Skautlar baxmalıdır, oyunlara və ya toplanışlara gedib görməlidir. Kimsə mənə zəng etsə, ona hansı futbolçunun Azərbaycanda oynayıb-oynaya bilməyəcəyini deyərəm. Afrika, Cənubi Amerikadan daha çox futbolçu gəldiyini görürəm. Amma onlar çempionatın səviyyəsini bilmirlər. Şimali Makedoniya, Azərbaycan, Türkiyə, Balkan ölkələrinin mentaliteti aşağı-yuxarı eynidir. Afrikalıların dərhal Azərbaycan çempionatına öyrəşib, nəticə verməsi çətindir. Məsələn, Afrikadan futbolçu gəlir və ona 6 ay, bir il zaman verilməlidir. Axı “Neftçi” elə komanda deyil ki, kiməsə bir il vaxt versin, gözləsin. Dərhal nəticə tələb edirlər. Bir söz də deyim, düzü, məşqçilər və rəhbərliyi başa düşmürəm. Oxuduğuma görə, qeydə alınan məğlubiyyətlərə sakit yanaşırlar, yəni uduzduq-uduzduq da. Belə olmalı deyil. Daim tələb etmək lazımdır ki, “Neftçi” ən yaxşı iki yerdən birində olsun və “Qarabağ”la çempionluq mübarizəsi aparsın. “Neftçi”də oynadığım dönəmdə üç dəfə çempion olub, iki dəfə kuboku qazanmışdıq. “Spartak”da da oynamışam. Onlar da daim böyük nəticələr gözləyirdilər. Bu mənada, komanda toparlanmalıdır. Dörd-beş tur ardıcıl uğurlu nəticələr olsa, azarkeşlər də düşünər ki, komanda toparlanıb, komanda qalib gəlmək istəyir. Lazımdırsa, bir neçə dəfə iclas edib, hazırkı vəziyyətdən çıxmaq lazımdır. “Neftçi”yə baxıram və sadəcə şokdayam. Həm bu, həm də ötən mövsümkü komandanı deyirəm. “Qarabağ” hazırda Azərbaycan çempionatında tək oynayır. Əla da oynayırlar. Futbolçular harada, kim üçün, hansı ölkədə oynadığını bilmirlərsə… Nə deyim, mənə aid sual deyil. Sadəcə onu deyim ki, bu cür komandada bu qədər legioner olmamalıdır. Çünki onlar özlərini rahat hiss edirlər və elə göstərirlər ki, sanki onlarsız mümkün deyil. Yaxşı baş məşqçi, xarici və yerli futbolçulardan ibarət qarışıq heyət olmalıdır. Ehtiyatda da gənclər olmalıdır ki, təcrübəli yerlilərə, legionerlərə baxıb, öyrənsinlər. “Neftçi”yə baş məşqçiyə, rəhbərliyə uğurlar arzulayıram. Amma unutmasınlar ki, “Neftçi” “flaqman”dır.