2023-cü il ərzində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin (Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi) icrası ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub.
Heftelik.az-ın məlumatına görə, 17 fevral 2023-cü il tarixdə Ucar rayon Lək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, onların yaranma səbəbləri” ilə bağlı Ucar Rayon icra Hakimiyyəti Başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov Komissiyaya daxil olan müraciətlər barədə ətraflı məlumat verib.
Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Eyni zamanda məktəblərdə tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələrinin aradan qaldırılması və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi barədə maarifləndirmə tədbirləri keçirilib.
Ucar Rayon Bağban kənd tam orta məktəbində 10 mart 2023-cü il tarixdə uşaqlara qarşı zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmini mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov çıxış edərək bildirmişdir ki, zorakılıq və onun gündən-günə artan formaları əsas problemləridəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır.
Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Məktəbdəki nizam-intizam qaydaları hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalı, eyni zamanda uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində valideynlərlə yanaşı müəllimlər də fəal iştirak etməlidir. Sonda şagirdlərlə birlikdə onları düşündürən və narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
19 aprel 2023-cü il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə “Zorakılıq və onun gündən-günə artan formaları” adlı seminarda şagirdlər ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini dövlətin qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Çünki uşaqlar aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur. Uşaqların gördükləri hər hansı zorakılıq bütün ömürləri boyu onların psixologiyasında mənfi izlər buraxır.
Məktəb isə əslində təhlükəsiz və uşaqların inam yeri olmalıdır. Məktəbdəki nizam-intizam qaydaları da hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir: Ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində-1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, tədbirlər planları qəbul edilib.
Ölkəmizdə bu sahədə bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşılıqlı əməkdaşlıq edir və mühüm işlər həyata keçirir.
Uşaqları başa salmaq, inandırmaq, onların kiçik qəlbinə yol tapmaq, şəxsi nümunədən istifadə etmək, onlarda kitaba, oxuya və yazıya daha yüksək maraq oyatmaq, onlara nəzarəti gücləndirmək və s. üsullarla təlim-tərbiyədə istənilən uğuru qazanmaq olar. Ölkəmizdə “Uşaq hüquqları Konvensiyası”na qoşulmağına, “Uşaq hüquqları haqqında” Qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağa zor tətbiq etməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də bəzən valideynlər səbəbsiz yerə övladlarını təhsildən yayındırmaqdan və onlara qarşı zorakılıq tətbiq etməkdən çəkinmirlər.
Uşaqlara qarşı edilən zorakılıq hallarının qarşısını almaq üçün hər bir fərdin üzərinə böyük məsuliyyət düşür.
02 iyun 2023-cü il tarixdə Ucar şəhər 4 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” mövzularında tədbir təşkil olunub. Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri çıxış edərək bildirdilər ki, müasir dövrün ən böyük problemlərindən biri gənclər arasında narkomaniyanın yayılmasıdır. Bundan əlavə seminarda iştirak edən yeniyetmə və gənclərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verilib.