Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, bu, həssas bir məsələdir: “Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? 4 il əvvəl, 29 yanvar 2019-cu ildə dövlət proqramın yekunlarına həsr olunan konfransda ölkə rəhbəri dedi, sitat: “əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər” bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyllənib.
Ermənistan isə əksinə, son 3 ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb. Gürcüstanda patriarx İlya 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl-2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi- 32.000 min, yəni 3-ün birə nisbəti olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən “Qarabağı tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir.
Məlumat üçün, ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15065 nikahdan 6920-si boşanıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”.
Sədr Sahibə Qafarova isə əlavə edib ki, əsas keçmiş məcburi köçkünlərin insan hüquqlarının bərpa olunması idi ki, bu da artıq bərpa olunub: “Bu da büdcədə var”.