Noyabrın 16-da Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları – böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Yaroslav Trixunkov, kiçik elmi işçilər Vyaçeslav Lomov və Kirill Yuşin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.
Heftelik.az-ın məlumatına görə, görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM – nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və Beynəlxaq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu ilə Mərkəz arasında ikitərəfli əməkdaşlıq və birgə elmi tədqiqatların aparılmasını müsbət qiymətləndirərək əməkdaşlıq üçün real imkanlar olduğunu qeyd edib.
Qeyd edək ki, rusiyalı geoloqlar noyabrın 16-dan 30-na qədər AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birgə Lənkəran, Masallı, Cəlilabad, Saatlı və Salyan rayonunun ərazisində çöl işləri aparacaqlar. Aparılan tədqiqatların məqsədi Talış zonasında aktiv qırılmaların identifikasiyası və parametrləşdirilməsi, dağlıq ərazilərdə və sahil düzənliyində aktiv qırılmalar boyunca son yerdəyişmələrin əlamətlərinin axtarışıdır.