Kürdəxanı qəsəbəsində göllər doldurulur.

Kürdəxanı qəsəbəsində yaşayış məntəqəsi ərazisində yerləşən təbii su tutarları, göllər doldurulur.

Bu barədə Heftelik.az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, bu göllər təbii şəkildə əsrlərdir mövcuddur və ərazisinin qrunt sularının yığılmasına, o cümlədən iqlimin mülayim keçməsinə xidmət edir. Bu cür təbii göllərin qurudulması iqlimin quraqlaşmasına, torpağın eroziyaya məruz qalmasına, havanın daha da sərtləşməsinə təsir göstərir.

Lakin son illərdəki ərazidəki göllərin bir çoxu doldurularaq ərazisi satılır.

Yerli sakinlər vurğulayıblar ki, artıq göllərin çoxu tamamilə qurudulub. Nəticədə yağıntının çox olduğu fəsillərdə çıxmağa yer tapmayan qrunt suları çoxalaraq sakinlərin evlərini, həyətlərini basır, əkin sahələrini məhv edir, yolları tutur, gediş-gəliş məhdudlaşır. Məsələ ilə bağlı sakinlər dəfələrlə yerli icra hakimiyyəti orqanlarına müraciət etsələr də müraciətlərinə baxılmır.

Hazırda ərazidəki göllər yenə də doldurulur. Torpağın doldurulmalı işləri  əsasən gecələr aparılır. Qaranlıq düşən kimi gecəboyu iri tonnajlı yük maşınları əraziyə torpaq daşıyıb gölləri doldururlar.Sakinlər bununla bağlı icra hakimiyyəti orqanlarına şikayət etsəlrə də,şikayətə baxan yoxdur. Göllərin torpaqla doldurulma işləri tam qüvvəsilə aparılır.

Sakinlərin sözlərinə görə, ərazi doldurulandan sonra həmişəki kimi icra hakimiyyəti orqanları və yerli bələdiyyə tərəfindən yüksək qiymətə satılacaq.

Qeyd edək ki, ərazinin bir hissəsi Abşeron rayonu Məmmədli icra nümayəndəliyinə, digər hissəsi isə Sabunçu rayonu Kürdəxanı icra nümayəndəliyinə aiddir.