Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması Mərkəzi Bankın qərarı ilə həmin qiymətli kağızlarının reklamının və yerləşdirməyə yönəlmiş digər tədbirlərin dayandırılmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beynəlxalq təşkilat tərəfindən buraxılış şərtlərində əks olunan məlumatların, habelə bu Qaydanın tələblərinin pozulması faktı Mərkəzi Bank tərəfindən aşkar edildikdə, Mərkəzi Bank beynəlxalq təşkilatın adı, qiymətli kağızının qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul edir:
– pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırması barədə;
– yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırılması barədə.
göstərilən qərarların qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Mərkəzi Bank həmin qərarı beynəlxalq təşkilata, beynəlxalq təşkilatın qiymətli kağızlarının təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə təqdim edir və həmin qərarı mediada açıqlayır.
Beynəlxalq təşkilat, onun qiymətli kağızlarının təklif və yerləşdirilməsini həyata keçirən şəxslər qərarları aldıqdan sonra müəyyən edilmiş qaydada Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində bu barədə məlumatı açıqlamalı və Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldıraraq bu barədə Mərkəzi Banka hesabat verməlidirlər. Göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank n hesabatdan yol verilmiş pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə və ya həmin hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində əsasları göstərilməklə, bu Qaydada nəzərdə tutulan qərarı qəbul edir. Qərar qəbul edildiyi halda, Mərkəzi Bank hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində aşağıdakı qərarlardan birini qəbul etməlidir:
– yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə – emissiyanın davam etdirilməsi barədə;
– yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə – emissiyanın baş tutmamış hesab edilməsi barədə.
Göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu barədə məlumatı müəyyən edilmiş şəxslərə həmin bənd ilə müəyyən edilmiş qaydada göndərir və açıqlayır. Bu zaman qiymətli kağızların təklifi və yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.