Erkən xəbərdarlıq sistemi bankın likvidlik mövqeyi və ya potensial maliyyələşmə mənbələri üzrə risklərin və ya həssaslığın artımını müəyyən edən və izləyən sistemdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Erkən xəbərdarlıq sistemi daim nəzarət altında olan kəmiyyət və keyfiyyət meyarlarından ibarət olmalıdır. Erkən xəbərdarlıq sistemi ən azı aşağıdakı meyarları əhatə etməlidir:
– aktivlərin, xüsusən də geri çağrılma ehtimalı yüksək olan öhdəliklər hesabına maliyyələşən aktivlərin izafi artımı;
– aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı;
– likvidlik “qəp”lərinin artımı;
– öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması;
– müəyyən edilmiş limitlərdə mütəmadi müşahidə olunan yaxınlaşma, daxili və bu Qayda ilə müəyyən edilmiş limitlərin pozulması;
– bankın əsas məhsulları üzrə neqativ halların müşahidə olunması (məsələn, komplayens riskinin artması);
– bankın gəlirlik göstəricilərinin kəskin aşağı düşməsi, aktivlərin keyfiyyətinin və ümumi maliyyə vəziyyətinin pisləşməsi;
– bankın buraxdığı səhmlərinin və istiqrazlarının, habelə bankın investisiya etdiyi qiymətli kağızların qiymətlərinin aşağı düşməsi;
– bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması;
– bankın kreditorları tərəfindən əlavə təminat barədə tələbin irəli sürülməsi;
– banka açılmış kredit xətlərinin bağlanması və ya kredit xətti üzrə limitin azaldılması;
– müddətləri başa çatmamış depozitlər də daxil olmaqla depozitlərin geri çağırılması;
– uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər;
– qısamüddətli öhdəliklərin yerləşdirilməsində çətinliklər;
– banka mənfi təsir göstərə bilən ictimai məlumat;
– banka beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi;
– bankın reputasiyasının pisləşməsi.