Sığorta ehtiyatları təmin edən vəsaitlərin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
– dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
– bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;
– daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
– qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 15%-dək;
– sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan, hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;
– sığorta ehtiyatlarında təkrarsığortaçıların payı (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı istisna olmaqla) sığorta ehtiyatlarının (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı istisna olmaqla) 75%-i həddində qəbul edilir. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı faktiki məbləğdə qəbul olunur;
– həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.
– Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatları təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə əmsallar tətbiq edildikdən sonra alınmış məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.