Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüş keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları, icraçı direktorlar, elektron xidmət və beynəlxalq şöbələrin əməkdaşları iştirak ediblər.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyə arasında əsrlərə söykənən dostluq-qardaşlıq münasibətlərinin özünün ən yüksək dövrünü yaşadığını, bütün sahələrdə sıx əməkdaşlıq edildiyini, bu əlaqələrin bütün dünya üçün örnək olduğunu bildirib.
AMEA-nın fəaliyyəti barədə danışan akademik İsa Həbibbəyli AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını bildirib. Onun sözlərinə görə, AMEA elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbələri təşkil olunub və şöbələrin yaradılmasında məqsəd saytların və elmi jurnalların təkmilləşdirilməsini təmin etməkdir. Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinə istinadların sayının artırılması məqsədilə “Google scholar”da akademik profillərinin açıldığını, məqalələrə DOİ identifikatorunun verilməyə başlandığını söyləyib. Qeyd edib ki, bu gün AMEA-da 30-a yaxın jurnal çap olunur və onların ULAKBİM-in nüfuzlu Dərgi Park elektron baza reyestrinə daxil edilməsi alimlərimizin elmi nailiyyətlərinin dünyaya çıxarılmasına mühüm töhfə verəcək. AMEA Prezidenti ULAKBİM-in Türk dünyasının Scopusu sayıldığını vurğulayıb.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təqdimatla çıxış edib. “Elektron Akademiya” şöbəsinin fəaliyyəti barədə məlumat verən dosent Fariz İmranov eyni zamanda RSXM-nin ingilis dilində nəşr olunan jurnalı, vikipediya və rəsmi veb səhifəsi haqqında da danışıb. Dosent Fariz İmranov RSXM-nin Monitorinq Mərkəzinin müasir aparatlarla təchiz olunduğunu diqqətə çatdırıb. Təqdimatda AMEA-nın Google Scholar üzrə göstəricilər səhifəsi barədə məlumat verən dosent Fariz İmranov RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin bu siyahıda ön sıralarda yer aldığını da qeyd edib.
TÜBİTAK Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu təqdimatla çıxış edib, AMEA-nın jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi üçün müraciət qaydası və prosedurlar barədə məlumat verib.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodlar barədə məlumat verib. Professor Qurban Yetirmişli türkiyəli qonağa mərkəzin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalı haqqında da məlumat verib. Jurnalın ildə iki dəfə, ingilis dilində nəşr olunduğunu deyən RSXM-nin baş direktoru bildirib ki, jurnalda yerli və xarici alimlərin seysmoloji və geofiziki tədqiqatların nəticələrinə dair məqalələri dərc olunur. Eyni zamanda bizim məqalələr xarici jurnallarda dərc olunur.
Görüşü yüksək qiymətləndirən professor Qurban Yetirmişli AMEA-nın elmi jurnallarının ULAKBİM-in nüfuzlu Dərgi Park elektron baza reyestrinə daxil edilməsini dəstəkləyib. Professor Qurban Yetirmişli məqalələrinə ən çox xarici ölkələrdən istinadların çox olduğunu və bunun RSXM-nin xarici elmi mərkəzlərlə birgə həyata keçirdiyi layihələrin, işlərin nəticəsi olduğunu söyləyib. Qeyd edib ki, RSXM dünyanın nüfuzlu universitetləri – Böyük Britaniyanın Oxford Universiteti, ABŞ-ın Missuri Universiteti, o cümlədən Türkiyənin universitetləri ilə sıx əməkdaşlıq edir.
Görüş maraq doğuran suallar ətrafında müzakirələrlə davam etdirilib.