Rayon icra hakimiyyətlərinin park və küçələrdə abadlıq, şəhər yollarının təmiri, əsasən köhnələri rəngləyib yenidən qoymaqla parklar üçün oturacaq, zibil qutuları, idman alətləri almaq adı altında xüsusən ilin sonunda büdcə vəsaitlərini “xərcləməsi” ənənəsi davam edir.
Heftelik.az-ın xəbərinə görə, Hesabama Palatasının da dövlət qurumlarının ilin son rübündə xərcləri və böyük həcmdə vəsaitlərin şübhəli, çox vaxt da məhz eyni şirkətlər üzərindən “xərclənməsi”nə diqqət çəkməsinə baxmayaraq, icra qurumları bu yeyinti ənənəsindən əl çəkmir.
İcra başçılarının son illər çoxsaylı həbsləri də büdcə vəsaitlərini talamaq ənənəsinə son qoymur.
Beləliklə, Heftelik.az noyabrın 17-də açıqlanan diqqət çəkən tenderlərin nəticələrini təqdim edir:
Oğuz rayon İcra Hakimiyyətinin rayona giriş panolarının təmiri , Oğuz şəhərində istirahət parkında və bir sıra küçələrdə abadlıq işləri ilə əlaqədartenderinin qalibi “Ehram” MMC qalib elan olunub. Bunun üçün 154.694,94 manat xərclənəcək.
Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı 2011-ci ildən bu vəzifədə olan Eyvaz Qurbanovdur.
Eyvaz Qurbanov
Beyləqan rayon İcra Hakimiyyətinin “Beyləqan şəhər yollarının əsaslı təmiri işləri”nin satın alınması ilə bağlı tenderinin qalibi “AZTİMONT” ASC-dir. Bunun üçün 129.419,57 manat ayrılıb.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı 2018-ci ildən bu vəzifədə olan Asif Ağayevdir.
Asif Ağayev
Xətai rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin parklarda istifadə olunacaq oturacaq və zibil qutuların satınalınması ilə əlaqədar elan etdiyi tenderin qalibi “BİLGƏ QRUP” QSC elan olunub. Bunun üçün 199.567,5 manat xərclənəcək.
Xətai rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin uşaq və gənclərin əyləncəsi üçün parklarda istifadə olunacaq oyun və idman alətlərinin satın alınması üçün elan etdiyi tenderin qalibi də fərqli qurum deyil. Oturacaq və zibil qutuları ilə bərabər bu şirkət üzərindən oyun və idman alətləri də alınacaq və bunun üçün nə az, nə çox, düz 328.771,6 min manat xərclənəcək.
.Xətai rayon İcra Hakimiyyətinin başçısı 2019-cu ildən bu vəzifədə olan Rafiq Quliyevdir.