Noyabrın 17-də Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
RSXM-də Heftelik.az-a verilən məlumata görə, görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA-nın Elektron Akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və şöbənin əməkdaşları, RSXM-nin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda mərkəz qardaş Türkiyənin Kocaeli, Sakarya Universitetləri, Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Türkiyə DİN-nin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti ilə yaxından əməkdaşlıq edir. Baş direktor bildirib ki, Türkiyə və Azərbaycan seysmoloqları arasında mütəmadi olaraq təcrübə və məlumat mübadiləsi aparılır.
Daha sonra professor Qurban Yetirmişli mərkəz əməkdaşları tərəfindən qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlardan söz açıb. AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığın perspektivlərindən danışan professor Qurban Yetirmişli AFAD tərəfindən Azərbaycana hədiyyə olunan bir ədəd quyudibi seysmik stansiyanın Şuşada quraşdırılması işlərinin davam etdiyini bildirib.
Professor Qurban Yetirmişli türkiyəli qonağa mərkəzin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalı haqqında da məlumat verib. Jurnalın ildə iki dəfə, ingilis dilində nəşr olunduğunu deyən RSXM-nin baş direktoru bildirib ki, jurnalda yerli və xarici alimlərin seysmoloji və geofiziki tədqiqatların nəticələrinə dair məqalələri dərc olunur.
TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ULAKBİM-in Dərgi Park elektron baza reyestrinin yaranma tarixindən və jurnalların yerləşdirilməsi üçün mövcud tələblərindən danışıb.
Daha sonra RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.
Qonaqlar bu gün Filippin sahillərində 6,7 maqnitudalı zəlzələnin baş verdiyi anda RSXM-nin Monitorinq Mərkəzində həmin təkanın qeydə alınması prosesini izləyiblər.
Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.