Noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisini işğal etdilər.
Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurdu, 128 min əhali məcburi qaçqın həyatı yaşamağa məcbur oldu. Işğal nəticəsində rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu və minlərlə insan yaralandı. Düşmən işğal etdiyi digər ərazilə kimi Ağdamda da bütün tikililəri, evləri, mədəniyyət müəssisələrini, tarixi abıdıləri dağıdaraq onların daşlarını da söküb aparmışdılar.
Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonun minalardan təmizlənməsinə, burada bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı. Ağdam yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaqdır. Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdi: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir”.
Artıq Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanıb, infrastruktur layihələrinin planlı şəkildə icrası üçün inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. 2021-ci 28 may tarixində Prezident İlham Əliyevin Ağdam rayonuna növbəti səfəri zamanı həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olundu. Həmin səfər çərçivəsində ölkə başçısının iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi. Səfər zamanı həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
Bu il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Artıq Ağdam şəhəri üç ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.
Bu gün Ağdamda bərpa-quruculuq işləri böyük sürətlə davam edir. əminik ki, Ağdamı ziyarət edən xarici və yerli jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları şəhər yaxın gələcəkdə ən müasir infrastruktura malık şəhərə çevriləcəkdir.
Bu il ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd ediləcək. Mənim atam Vaqif Həsənov Qarabağ müharibəsi zamanı düşmənlər tərəfindən şəhid edilib. Atamın da ruhu şaddır.
Yadigar Həsənov
Ağdam rayon sakini