Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.

Heftelik.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.

Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:

“Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”.

“Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb”,- E.Hüseynbəyli vurğulayıb.

AYB sədrinin müavini Rəşad Məcid isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur: “Evlər bölünərkən bu, nəzərə alınıb və birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb. Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma, təəssüf ki, bu, mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”.

Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.