1992-ci il noyabrın 21-də Naxçıvanda  Azərbaycan Respublikasının bütün bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar, həmçinin onun proqramı və Nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, xalqın həyatında mühüm rol oynayan və öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı.

2021-ci il 5 martda keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır.

Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerdə idi. Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər müsbət dəyişikliklərin əldə olunmasında önəmli rol oynamışdır;

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabrında Heydər Əliyev xalqın çoxluğunun dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı;

Aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. Azərbaycan  hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, həmçinin humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır;

Yeni Azərbaycan partiyasının VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir.  Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.

Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular və tarixi ədaləti bərpa etdilər.

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Partiyanın idarəetmə formasının daha da təkmilləşdirilməsi üçün qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

Qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.

YAP-da aparılan yeni kadr siyasətinin əsas nəticəsi olaraq 2021-ci il sentyabr 10-da  və 2022-ci ilin yanvarın 28-də Partiyanın İdarə Heyətinin iclaslarında 76 yerli təşkilatların sədrləri təyin olunmuşdur. 48-yeni təyin olunan sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir.

Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında 2021-ci ilin iyunun 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir.

Qurultayda Yeni Azərbaycan Partiyasının əsas növbəti hədəfləri müəyyən edilib. Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, şəffaflığın inkişafı, Azərbaycan dili  və dünya azərbaycanlılarının həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu , işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bu hədəflərdəndir. Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması və beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsi də Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindəndir.

 

 

Vüsal Şirəliyev

Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin tarix müəllimi