Likvidliyin örtülmə ƏMSALI

20 Noyabr 2023, 12:30

Likvidliyin örtülmə əmsalı məcmu halda və xarici valyutada ayrılıqda 100 (yüz) faizdən aşağı olan bank ani likvidlik əmsalını 30 (otuz) faizdən az olmayan səviyyədə saxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Cari aktivlərə ani likvidlik əmsalının hesablanması zamanı aşağıdakı aktiv növləri daxil edilir:

–  milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər;

– Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;

–  beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik  ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;

–  Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;

–  məcburi ehtiyatların məbləği istisna olunmaqla, bankın Mərkəzi Bankdakı müxbir hesabında  olan vəsait;

–   Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik xarici banklarda olan müxbir hesablardakı vəsait və “overnayt” depozitlər;

– beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar;

–  7 (yeddi) gün müddətinə yerləşdirilmiş və milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər, Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik  ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlarla qeyd-şərtsiz təmin edilmiş aktivlər.