Qarabağda yaşamaq haqqımız

20 Noyabr 2023, 10:42

Hazırda Ağdam və digər işğaldan azad olunan rayonlarda sürətli yenidənqurma-bərpa işləri gedir

Birinci Qarabağ müharibəsində Azərbaycanın rayonlarının işğalında mərkəzi hakimiyyətdə baş vermiş siyasi böhran başlıca amil olmuşdur. Ermənilər siyasi hərc-mərclikdən istifadə edərək öz hücumlarını həyata keçirmişlər və beləcə, mərkəzin diqqətindən kənardan qalan rayonlarımız işğala məruz qalmışdır. Bu acını Ağdam rayonu da yaşamışdır. Ermənistanın işğalçı qüvvələri ilk olaraq Ağdam rayonunun Qarqarçayı, Saybalı kəndinə qədər ərazini işğal etmişdir. Mərkəzdən kömək gəlmədiyi üçün əliyalın xalq  geri çəkilməyə məruz qaldılar. 1993-cü ilin 23 iyuluna kimi ağdamlılar öz rayonlarının müdafiəsi uğurunda şücaətlə mübarizə aparmışlar. 43 gün düşmənə sinə gəlmiş Ağdam şəhəri süqut etmişdir. Birinci Qarabağ müharibəsində Ağdam rayonu Azərbaycanda ən çox şəhid verən və milli qəhrəmanı olan rayon idi.

Ağdam rayonunun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Yerli əhali 30 ilə yaxın müddətdə Ağdamın  ərazisinin 20 faizinə sığınmışdır. Bütün çətinliklər baxmayaraq əhali ümidini itirmirdi. Ağdam əhalisi ilə söhbətlərdə bunun şahdi olmaq mümkün idi. Ulu Öndər Heydər Əliyev işğal müddətində dəfələrlə Ağdam sakinləri ilə görüşmüşdür. Həmin görüşlərdə ağdamlılar öz torpaqlarına qayıtmaq ümidini itirmədiklərini bildirmişdirlər. Ağdamlılar Ümummilli lider Heydər Əliyevin Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdə tarixi çıxışını heç zaman unutmayıblar: “Beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam bu gün əldən getməyib. Ağdam 6 ay bundan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam bu günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan adamlar böyük hörmətə layiqdirlər… Mən dedim və bir daha təkrar edirəm, Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur. Mən Bərdə və Ağcabədidə qaçqın düşmüş insanlarla görüşdüm. Onların nə qədər daxili mənəvi zənginliyə malik olduqlarını hiss etdim. Bir daha onların qarşısında baş əyirəm”.

Ulu Öndər qaçqın və köçkünlərlə  görüşlərində “Qarabağ məsələsini həll edəcəyik. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır” kimi fikirlər səsləndirirdi. Çox şükür ki, artıq Ümummilli Lider Heydər Əliyevin sözləri öz yerini tapmışdır. Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Ağdamlı, ümumiyyətlə, qarabağlı gənclərin sabaha böyük inamla yaşayırdılar. Ağdam rayonu düşmənlə təmas xəttində yerləşirdi. Onlar Prezident İlham Əliyevə inanır və onun Qarabağ məsələsi ilə bağlı yürütdüyü qətiyyətli siyasətini birmənalı olaraq dəstəkləyirdilər. Hər bir Azərbaycan vətəndaşı da bunu yaxşı bilirdi ki, ölkəmizin həyata keçirdiyi siyasətdə ən əsas məsələ kimi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli dayanırdı. Ermənilər və onlara havadarlıq edənlərə də bunu yaxşı bilirdi ki, gec-tez münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaqdır. Və belə də oldu. Azərbaycan Ermənistan üzərində tam qələbə qazandı. Çünki Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan dövləti Ağdam uğurunda döyüşənlərin əməyini yüksək qiymətləndirmişdir. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu onların haqqıdır. Məhz qəhrəman hərbiçilərimizin sayəsindən Azərbaycan ərazi bütövlüyünü tam əldə etmişdir. Lakin Ağdam işğaldan azad olunduqdan sonra oradakı dağıntılar hər kəsi şoka salmışdır. Ermənilər Ağdam şəhərini demək olar ki, tamamilə dağıtmışdılar. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Bu haqda Prezident İlham Əliyev bu ilin oktyabrın 5-də Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında demişdir: “…Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub”.

Tarixi və hüquqi nöqteyi-nəzərdən bu torpaqların sahibi bizlərik. Vətən müharibəsində bir daha bunun sübut etdi. Torpaqlarımızı işğaldan azad etdik, orada yaşamaq bizim haqqımızdır. Hazırda Ağdam və digər işğaldan azad olunan rayonlarda sürətli yenidənqurma-bərpa işləri gedir.

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri