Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəmizin ağır günlərində Azərbaycanın gələcək taleyini düşünən ziyalılar çox mühüm bir addım atdılar. Onlar Azərbaycan xalqını bu çətin vəziyyətdən yalnız dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevin xilas edəcəyinə inanırdılar. Bu səbəbdən 91 nəfər ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə xalqımızın böyük oğlu Heydər Əliyevə müraciət ünvanlayaraq, onu israrla yenidən böyük siyasətə qayıtmağa və xalqımızı bu ağır günlərdən xilas etməyə çağırdılar. Azərbaycanın taleyini düşünən insanların ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Azərbaycan ziyalıları bu məqsədlə  xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, xalqın arzu və istəklərinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur  “91-lər”in cəsarətli addımları nəticəsində Azərbaycanda  ağır nəticələr yaradacaq proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanlar və nüfuzlu şəxsiyyətlərin imzaladıqları müraciətdə Heydər Əliyevin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycan ziyalıların bu çağırışına səs verən Ulu Öndər Heydər Əliyev ölkəmizi bu ağır böhrandan xilas etmək kimi çətin vəzifəni öz üzərinə götürməyə razılıq verdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı  21 noyabr  1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Bu konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda Ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində çox böyük rol oynamış, ölkəmizin hərbi və iqtisadi cəhətdən güclənməsində misilsiz xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Hetdər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 26 mart  2005-ci il tarixində keçirilmiş III qurultayında Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Cənab Prezident İlham Əliyevi sədrliyi dövründə Yeni Azərbaycan Partiyası Azərbaycanın hərbi, siyasi, iqtisadi inkişafı yolunda böyük uğurlara imza atmışdır. Partiya müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə daim sadiq qalmışdır.

Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dövrdə daim  Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyətinin  formalaşdırılmasında mühüm addımlar atmışdır. Yeni Azərbaycan Partiyası irqindən, etnik mənsubiyyətindən, dinindən , dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında sıx birləşdirməyə nail olmuşdur. Yeni Azərbaycan Partiyası Azərbaycanın və Cənubi Qafqazın ən böyük  siyasi partiyasıdır. Hal-hazırda Yeni Azərbaycan Partiyasının 700 min nəfərdən çox üzvü vardır. Bu Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inamının və Cənab Prezident İlham Əliyevə olan siyasi etimadının bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətdə və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında və siyasi dialoqların dərinləşməsində fəal şəkildə iştirak edirlər.

Yeni Azərbaycan Partiyası öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır, demokratiya və siyasi plüralizm şəraitində ölkəmizin inkişafı yolunda öz töhfələrini verməyə davam edir. Yeni Azərbaycan Partiyası hakim siyasi partiya kimi Azərbaycanın beynəlxalq siyasi arenada mövqeyinin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Beləki, Partiyanın beynəlxalq müstəvidə fəal mövqeyi və qlobal təşəbbüslər sayəsində Azərbaycan çoxlu sayda tərəfdaş qazanmış, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyası bundan sonra da Cənab Prezident İlham Əliyevin sədrliyi altında Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafı yolunda mühüm işlər görməyə davam edəcək. Azərbaycan xalqı bundan tam əmindir və Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir.

 

Samir Səmədov

İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın  tarix müəllimi