Xəbər verildiyi kimi, noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.  Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında  diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib.

Səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir çox məsələlər müzakirə edilib,  gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-biriminin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

Görüşlər zamanı iqtisadi əməkdaşlıq məsələləri də geniş şəkildə müzakirə edilib. Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Bildirilib ki, bu məsələlər yaxın günlərdə ölkəmizin nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək, səfər çərçivəsində bu və digər məsələlər yenə müzakirə olunacaqdır.

Görüşdə həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib. Artıq Bakı və Bağdad arasında birinci birbaşa təyyarə reysinin uçuşu baş tutub. Gələn həftə Bakıdan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslər həyata keçiriləcəkdir. Bu da hər iki istiqamətdə səyahət edən turistlərin sayının artmasına səbəb olacaqdır. Bununla əlaqədar görüş zamanı vizaların verilməsi prosesini sadələşdirilməsi üçün növbəti addımların atılması da müzakirə edilib.

Prezident İlham Əliyev İraq dövlət başçısının qonşu Ermənistana da səfər edəcəyini qeyd edərək Azərbaycan və Ermənistan arasında  hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı qonağı məlumatlandırıb.

Ölkə başçısı öz Bəyanatında bildirib ki, “Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.

Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”.  Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar.

Əminik ki, Prezidentimizin bu mesajından Ermənistan və onun havadarları bir nəticə çıxaracaqlar.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü