Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Beləliklə, davamlı olaraq bu istiqamətdə tədbirlər reallaşdı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən “Tolerantlığın ünvanı – Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.

Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

 

Aytən Abdullayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti