Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş əməllər:
– bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– təkrar törədildikdə;
– iki və ya daha çox şəxs barəsində törədildikdə;
– silah tətbiq etməklə törədildikdə;
– zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə —
bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.