Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tək bir mərtəbəsinin cari təmiri üçün 593.949,11 manat “xərcləməsi” yenidən diqqət çəkib.
Heftelik.az-ın məlumatına görə, noyabrın 16-da Azərbaycan Tibb Universitetinin ATU –nun Tədris Terapevtik Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, tenderin qalibi “M-HOUSE CONSTRUCTİON” elan edilib və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tək bir mərtəbəsinin cari təmiri üçün 593.949,11 manat ayılacaq.
Noyabrın 22-də isə məlum olub ki, Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yolu Xəstəxanasının Birləşmiş ümumi cərrahiyyə və mama-ginekologiya korpusunda cari təmir işlərinin aparılması (50 adda) üçün elan etdiyi – tenderin qalibi “DİRÇƏLİŞ-FM” MMMC olub və bu cari təmir üçün 99.668,13 manat xərclənəcək. Yəni Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tək bir mərtəbəsinin cari təmiri üçün ayrılan vəsait Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yolu Xəstəxanasının Birləşmiş ümumi cərrahiyyə və mama-ginekologiya korpusunda cari təmir işlərinin aparılması üçün ayrılan vəsaitdən 6 dəfə çoxdur…
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir. O, bu vəzifəyə 2016-cı ildə təyin edilib.