25 mart 1993-cü il tarixdən hücuma keçən Ermənistan silahlı qüvvələri rus ordusu bölmələrinin dəstəyi ilə 2 aprel 1993-cü il tarixdə Kəlbəcər bölgəsini tamamilə işğal etdilər. Üç tərəfdən – Göyçə, Ağdərə və Laçın istiqamətlərindən – Kəlbəcəri mühasirəyə alan düşmən qüvvələrinin qarşısında demək olar ki, təkcə qalan Kəlbəcər batalyonu pərakəndə şəkildə düşmənə müqavimət göstərsə də möhkəm müdafiə qura bilmədi və Məcbur olaraq geriyə çəkildi. Həmin əraziləri müdafiə etmək üçün xeyli canlı qüvvə və hərbi texnika lazım idi. Həmin hərbi qüvvə isə Kəlbəcərdə yox idi. 1993-cü ildə Kəlbəcər batalyonunun komandiri olmuş polkovnik-leytenant Eldar Həsənovun dediklərindən: “Bizim tabor Kəlbəcərin Ermənistanla 110 kilometrlik sərhədndə 10 sərhəd məntəqəsində – dağların zirvələrində – yerləşdirilmişdir. Bu məsafəni müdafiə etmək üçün isə ən azı bir briqada lazım idi. Ağdərə istiqamətində-Ağdabanda və Çərəkdarda xalq cəbhəsinin yenidən təşkil edilmiş könüllülər taboru və hərbi hissənin 1-ci taboru yerləşdirilmişdi. Bu taborlarda bir neçə topdan başqa hərbi texnika yox idi. Hələ 1992-ci ilin dekabrında Müdafiə Nazirinin əmri ilə bizim taborun 450 nəfər könüllü döyüşçüsü də tərxis edilmişdir. Ermənistandan Kəlbəcərə rus və ermənilərdən ibarət iki alay, Ağdərədən isə iki briqadanın eyni vaxtda hücuma keçdiyi məlumdur. Ermənistan öz gücü ilə Kəlbəcəri işğal edə bilməzdi. Bu qüvvələrin qarşısında pərakəndə şəkildə iki-üç tabor dururdu. Bu zaman Müdafiə Nazirliyinin əmri ilə (25 mart 1993-cü il) hərbi hissə Laçın bölgəsindən Kəlbəcərə çəkilməli və Kəlbəcərdə müdafiə qurmalı idi. Lakin bu əmr gecikmiş əmr idi. Uzun müddət səngərlərdə və döyüşlərdə əvəz edilmədən iştirak etmiş əsgərlərlə iki-üç gün ərzində müdafiə qurmaq olmazdı. Onları yenidən döyüşlərə aparmaq çox çətin idi və bu mümkün də olmadı. Bu zamana qədər bütün Ağdərə bölgəsi düşmən əlinə keçmiş, Kəlbəcərin şərqindəki 11 kənd artıq işğal edilmişdi. Ermənistanla sərhəddə yerləşdirilmiş Kəlbəcər batalyonunun bölük və tağımları arasında, eləcə də qərargahla bölük və tağımlar arasında əlaqə çox zəif idi. Faktiki olaraq Kəlbəcəri müdafiə etmək üçün hərbi qüvvələr çox az idi. Bütün bunlara baxmayaraq Kəlbəcər batalyonu fədakarcasına düşmənlə vuruşurdu. Kəlbəcər batalyonu döyüşə-döyüşə 50 mindən çox əhalinin düşmən əlinə keçməsinə imkan vermədi. Əks halda Kəlbəcər faciəsi Xocalı faciəsindən pis olardı. Bu taborun ən böyük fəaliyyətindən biri idi. İtkilərimiz də çox oldu…” Deməli, Kəlbəcərin işğal olunmasının əsas səbəbi: təpədən dırnağadək silahlanmış erməni və ruslardan ibarət düşmənə qarşı döyüş aparacaq hərbi gücün olmamasıdır. Bu hərbi gücə – lazımi qədər canlı qüvvə, hərbi texnika, rabitə vasitələri, mərmi, döyüş sursatı, ərzaq və s. daxildir ki, bunlar da Kəlbəcər batalyonunda lazımi qədər yox idi… Bundan başqa Kəlbəcər bölgəsinin işğal olunmasında ölkə hakimiyyətinin, yerli İcra orqanlarının, eləcə də əhalinin hərbi işlərə və müdafiə məsələlərinə ciddi yanaşmamalarının da müəyyən dərəcədə təsiri var idi. Kəlbəcər işğal olunmazdan təqribən bir il əvvəl yerli İcra hakimiyyəti səriştəsiz başçılarla əvəz olundu. 1992-ci ilin fevral-mart aylarında yaradılan xalq cəbhəsi batalyonu (844 saylı hərbi hissə) may ayında ləğv edildi. Belə ki, bölgədə xalq cəbhəsinin sədri İcra başçısı təyin olunduqdan sonra həmin döyüşçülərə laqeydlik göstərildi və bunun nəticəsi olaraq həmin döyüşçülərin hamısı tərksilah edildi. 1993-cü ilin martında həmin xalq cəbhəsi batalyonu yenidən pərakəndə şəkildə təşkil olunmağa başlasa da artıq gec idi… Ordu komandanlığının hərbi qüvvələri və döyüşləri əlaqələndirə bilməməsi də məğlubiyyətin səbəblərindən biridir. Ordu komandanlığının özündə səriştəsiz zabit və generalların əmri və ya tapşırığı ilə döyüşün əsas aparıcı qüvvəsi olan yuxarı yaşlı əsgərlərin tərxis edilmələri ordunun zəifləməsinə səbəb oldu. Bu kəlbəcərli döyüşçülərin bir dəfə 1992-ci ilin may-iyun aylarında, ikinci dəfə isə həmin ilin dekabrında ordudan tərxis edilmələrini (təqribən 1500 nəfər) yuxarı komandanlıq belə əsaslandırırdı ki, guya nizami ordu yaradılır. Bu-ən azı ağılsızlıq idi. Bunun nəticəsidir ki, həmin vaxt tərxis olunan könüllü döyüşçülər indiyədək döyüşlərdə iştirakçı vəsiqələrini ala bilmirlər. Tarixən məlumdur ki, müharibə aparan ölkədə nəinki 18-20 yaşlı əsgərlərdən, eləcə də 50 yaşadək kişilərdən istifadə edilməlidir. Bundan başqa hərbi komissarlıqların ədalətli olmaması nəticəsində döyüşçülərin bir qisminin orduya çağırılması və digər qisminin çağırılmaması, yəni, ayrı-seçkilik qoyulması da döyüşçülərin mənəvi hazırlığına pis təsir göstərirdi. Əhalinin əksəriyyəti isə orduya lazımi qədər həm mənəvi, həm də canlı qüvvə ilə kömək göstərmədi. Əhalinin bəzi hissəsi belə düşünürdü ki, ordu var, o da Kəlbəcəri qorumalıdır. Onlar böyük bir fəlakətin yaxınlaşdığını dərk etmədilər…
Lamiyə Rəhimli