1992-ci il mayın 18-də işğal edilmiş Laçın rayonu Azərbaycanın strateji bölgəsi idi. Laçının və eləcə də Kəlbəcərin işğalı Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da öz növbəsində Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kəndi düşmən tapdağı altında qaldı, döyüşlərdə 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. 79.1 min nəfər rayonun əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdılar.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Laçın və Kəlbəcər rayonlarının da müəyyən hissəsi rəşadətli ordumuz tərəfindən azad olunduqdan sonra Prezident İlham Əliyevin diplomatik səyləri ilə bu rayonlar tamamilə düşmən işğalından xilas olundular. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Şanlı Qələbəmiz və üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan düşmən işğalından azad edilməsi möhtəşəm zəfərin nişanəsi, ölkə başçısının dahi siyasətinin nəticəsi oldu.
Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi.
Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.
2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi ilə tanıçlığı olmuş, Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmış və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Bu il də ölkə başçısı bir neçə dəfə Laçın rayonuna gələrək burada həyata keçirilən quruculuq işlərinin gedişatı ilə tanış olub, bir sira tədbirlərdə iştirak edib. Belə ki, mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.
Mayın 27-də dövlətimizin başçısı Zabux kəndində aparılan tikinti işləri ilə, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında açılışında, Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimlərində, avqustun 25-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Laçın rayon 2 nömrəli tam orta məktəbinin, Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında, Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma məqasimində iştirak edib, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə, Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub. Ertəsi gün dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olaraq burada kənd sakinləri ilə görüşüblər. Həmçinin Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.
Qeyd edilməlidir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib. Bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə artırılıb və hesabat dövründə ən çox vəsait Laçın (983 milyon 43 min manat) rayonuna ayrılıb.
Rayonda həyata keçirilən işlər, aparılan tikinti-bərpa işlərinin gedişatı artıq Laçınlıların öz doğma şəhərinə qayıdışına imkan verib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanılıb. Belə ki, bu ilin noyabr ayına kimi Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib. Həmçinin Zabux kəndinə də ümumilikdə 475 nəfər olmaqla 121 ailə köçüb, bu ailələr yeni mənzillərlə təmin olunublar.
Kənd təsərrüfatı rayonu olan Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar vardır. Artıq üçüncü ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilir. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürürlər. Bu istiqamətdə işlər davam etdirilir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü