“İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur”.
Heftelik.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı bildirib.
“Biz, yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür.
Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub.
Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq” – dövlət başçısı qeyd edib.
Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq”.