Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalmış, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik.

Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2020-ci il 2 dekabr tarixli Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində mülki şəxslər, hərbçilər həlak oldular.

Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular.

Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İşğalçılıq illərində ermənilər bütün ərazilərdə evləri, tarixi abidələri, məzarlıqları, məktəbləri, digər iaşə obyektlərini dağıtmış, meşələri yandırmış, dəhşətli vəhşiliklər törətmişlər. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır.

Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslə hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.

Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik.

 

Fatimə Talıbzadə

YAP üzvü