Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Lək kənd 2 nömrəli tam orta məktəbində 24 noyabr 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu, Lək kəndində “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Məişət zorakılığının qarşısının alınması” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilib.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilib, müəllim və şagirdlərlə narkomaniya və narkomanlıq, erkən nikahlar, ailələrdə uşaqlara qarşı zorakılıq halları və məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı diskussiyalar aparılıb. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmış və Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən tədbirdə fəal iştirak etmiş şagirdlər mükafatlandırılıb.