İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edən  ilk İraq prezidenti oldu. Prezidentlər mətbuat konfransında ciddi məsələlərə toxundular. İraq prezidentinin diplomatik əlaqələrin tarixi boyunca Azərbaycana ilk dəfə rəsmi səfər etməsi  əlaqələrin yeni, dinamik mərhələ adlamasına, sağlam təməlləri üzərində qurulan körpülərin atılmasına təkan verəcək…

İraq və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, iki müsəlman ölkə arasında əlaqələri qənaətbəxş saymaq olmaz. Hətta Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da tarixi də 2008-ci ildən başlayır: “Əslində biz başqa bir mənzərənin şahidi olmalıydıq, təkcə ona görə yox ki, söhbət iki müsəlman ölkəsindən gedir. İraq böyük Azərbaycan şairi Məhəmməd Füzulinin uyuduğu ölkədir, İraq türkmənlərin, bizim can qardaşlarımızın vətənidir. Təbii ki, iki ölkə arasında kifayət qədər körpülərin salınmaması həm də İraqda illərlə davam edən dəhşətli müharibələr, bu ölkənin terrordan, işğaldan əziyyətlər çəkməsidir. Bu mənada Azərbaycan kimi, İraq dövləti də işğalın, terrorun acı nəticələrini yaşadığı üçün biz haradasa dərd ortağıyıq”.

Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı təbii ki, normal saymaq olar: “Təsadüfi deyil ki, İraq liderinin Azərbaycana ilk gəlişi məhz Qoşulmama Hərəkatının toplantısında iştirak məqsədilə reallaşmışdı. Nəhayət, Əbdüllətif Camal Rəşidin simasında İraq prezidentinin diplomatik əlaqələrin tarixi boyunca Azərbaycana ilk dəfə rəsmi səfər etməsi hesab edirəm ki, əlaqələrin yeni, dinamik mərhələ adlamasına, sağlam təməlləri üzərində qurulan körpülərin atılmasına təkan verəcək, dövlət başçılarının birgə brifinqində də biz bu əzmi, marağı və qətiyyəti müşahidə etdik.

Prezident İlham Əliyev də qeyd etdi ki, təkbətək görüş zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyə dair bir çox məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Qarşıdakı günlərdə qarşılıqlı olaraq nümayəndə heyətlərinin səfərlərinin həyata keçiriləcəyinin anons edilməsi iki dövlətin əlaqələrində yeni mərhələnin başlamasının anonsudur. Dövlət başçısının Bakı və Bağdadın BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəklədiyini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə etdiyini məmnunluqla vurğulaması, həmçinin bundan sonra da beynəlxalq təsisatlarda hər iki ölkənin bir-birini dəstəkləməyə davam edəcəyini bəyanlaması olduqca vacib məsələdir. Bu həmrəylik, əməkdaşlıq hər iki ölkə üçün olduqca əhəmiyyətlidir, çünki Azərbaycanla bağlı olduğu kimi, İraqla bağlı da bir sıra məkrli çevrələrin, güc mərkəzlərinin qara niyyətləri davam etməkdədir, bu mənada beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət yalnız milli və dövlət maraqların faydasına olar.

 

Xatirə Fehruzzadə

Nəsimi rayon təhsil işçisi