Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər. İraq 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 30-da qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Bəhs olunan səfərin reallaşması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı ölkəmizə gələn İraq Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət qarşı tərəfdən məmnunluqla qəbul olunub.
Dost ölkənin dövlət başçısının ölkəmizə reallaşan ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hər iki ölkənin gündəliyinin mühüm məsələləri qarşılıqlı olaraq təqdim edilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.
İraq yaxın keçmişdə bir sıra problemlər yaşayan ölkədir. Bununla belə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin mətbuata verdiyi bəyanatında bildirdiyi kimi, ölkə imkanlarını və resurslarını səfərbər edərək dirçəlir. Təsadüfi deyil ki, o, ölkəsini “yeni İraq” kimi təqdim edib. Çətinliklərin geridə qaldığını bildirən dövlət başçısının məlumatına görə, artıq İraq yaxşı, sağlam vəziyyətdədir, ölkədə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var, geniş parlament fəaliyyət göstərir. Bütün bunlar isə xarici əlaqələri genişləndirmək üçün münbit zəmin yaradır.
Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bildirildiyi kimi, əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları var. İki ölkənin paytaxtları arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Azərbaycandan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin həyata keçiriləcəyi gözlənilir. “Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Xalid Kərimov
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü