Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib: “2 yanvar 1992-ci il tarixində İraqın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından və 1992-ci ilin mart ayının 30-dan, yəni iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonrakı dövrdə ölkələrimiz arasındakı siyasi dialoqun səviyyəsi də hər keçən gün daha da inkişaf edib. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirib. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləmişik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişik. Məlumdur ki, indiyə qədər Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb, 20 may 2011-ci il tarixində isə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılıb. İndi isə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri və səfər çərçivəsində imzalanan sənədlərin Azərbaycan-İraq münasibətlərində yeni səhifə açacağı şübhəsizdir”.
İraq prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərdə artan dinamizmin göstəricisi olaraq qəbul oluna bilər: “Bu səfər diplomatik əlaqələrimizin tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. Səfər zamanı sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandumun, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun və iki ölkə arasında hava əlaqəsi haqqında sazişin imzalanması da ölkələrimiz arasında münasibətlərdə artan dinamizmin göstəricisi olaraq qəbul oluna bilər. Hər iki ölkə rəhbərinin səfərin yekunları ilə bağlı mətbuat konfransında Prezident İlham Əliyevin də dediyi kimi cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Dövlətimizin başçısı çıxışı zamanı regionda mövcud durum, Azərbaycan-Ermənistan münasibətlərindəki hazırkı vəziyyət və ümumiyyətlə 1990-cı ildən bəri Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı tarixi həqiqətlərlə bağlı da geniş məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi və həmin səfər artıq baş tutub”.
Ölkə başçımızın da dediyi kimi, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Biz ictimai nümayəndə olaraq çalışmalıyıq ki, Ermənistanın dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana qarşı yararlanması məhdudlaşsın. Adətən düşmənin haradan hücum edəcəyi bəlli olmasa da, Ermənistanın nə vaxt, harada, kimlərin ətəyindən yapışaraq Azərbaycana hücum edəcəyini dövlətimizin başçısı yaxşı bilir. Odur ki, bu yöndə lazım olan addımları zamanında atmaqla hadisələri qabaqlayır.
Bəllidir ki, Azərbaycan daim sülh tərəfdarı olub. Dost dövlətlərlə müəyyən sahələrdə əməkdaşlıqlar, qarşılıqlı maraqlar təmin olunub və bu proses davamlıdır. Bu günlərdə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində də Azərbaycanla əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Bu əməkdaşlığın hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq deyə bilərəm ki, uğurlu və uzunmüddətli olacaq
Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz” deyən ölkə başçısı bununla Cənubi Qafqazda öz maraqlarının təmin etmək üçün bütün mümkün vasitələrlə bizə təzyiq göstərməyə çalışan hər kəsə mesaj göndərmiş oldu”.
Elnur Babayev
Nəsimi rayon sakini, İkinci Vətən müharibəsi qazisi