Tarixi həqiqətlər

25 Noyabr 2023, 10:42

Azərbaycan xalqı son otuz ildə ədalətsizliyin çox növü ilə üzləşməli oldu. Zəmanəmizin uzunömürlü və faciəli münaqişələrindən biri olan Ermənistan – Azərbaycan qarşıdurması milyonlarla soydaşımızın taleyində silinməz izlər buraxdı. Artıq yaralarımızın sağaldılması mərhələsi başlanıb. Amma son otuz ildə başımıza gələnləri unutmamaq o acı taleyi bir daha yaşamamaq baxımından çox əhəmiyyətlidir.

“Hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. Cənab Prezidentin son otuz ildə Azərbaycan xalqının başına gətirilənlərin səbəblərinə yığcam, amma heyrətamiz dərəcədə arqumentli tarixi ekskursu bu gün Cənubi Qafqazda cərəyan edən hadisələri düzgün qiymətləndirmək baxımından olduqca vacibdir. Ən azı o zaman buraxılan səhvlərə bir daha yol verməmək, dostumuzu-düşmənimizi tanımaq, qarşıda üzləşə biləcəyimiz hərbi-siyasi “fors-majorlardan” özümüzü sığortalamaq üçün keçmişdə baş verənlərə yeni gözlə baxmağımıza hamımızın ehtiyacı var.

Faktlar göstərir ki, 70 illik Sovet hakimiyyəti dövründə Ermənistan Azərbaycan hesabına ərazisini genişləndirməyi və hər cür vasitələrdən istifadə etməklə azərbaycanlıları öz torpaqlarından qovmağa nail olmuşdur. Həmin dövrdə bu siyasət sistematik və metodik şəkildə həyata keçirilmişdir.

Ermənistan ərazisinə gəldikdə isə erməni alimlərinə öz etiraflarına görə, 4 iyun 1918-ci il tarixində Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistan ilə imzaladığı Batum müqaviləsi əsasında 28 may 1918-ci ildə Cənubi Qafqazda yaranmış ilk erməni dövlətinin 29 may 1918-ci ildə Azərbaycan tərəfindən güzəşt edilən paytaxtla birlikdə ərazisi indiki Ermənistanın qərb hissəsini əhatə etməklə ən azı 8000 kv.km, 9000 kv.km və ən çoxu isə 10.000 kv.km təşkil edirdi.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Savaş başlanan andan və hələ ondan iki ay öncədən (iyul hadisələri) erməni xisləti öz sözünü deyirdi. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Eynilə 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə olduğu kimi. Lakin 2020-ci ildə durum 1990-cı illərdən çox fərqli idi. Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Birinci Qarabağ müharibəsi, Tovuz hadisələrində verdiyimiz şəhidlərin qanı yerdə qalmadı. Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı 7 nəfər itkin düşdü. Qürurverici haldır ki, 44 günlük müharibədə Azərbaycan ordusunun döyük taktikası müzakirə edilir, qısa müddətdə düşməni necə darmadağın etməsi, hərb tarixinə gətirdiyi yeniliklər öyrənilir. Təəssüf ki xain düşmən məkrli niyyətindən əl çəkmir. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistanın şəksiz məğlubiyyəti. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. Artıq Azərbaycan ərazisindən qanunsuz erməni silahlı birləşmələri çıxarılır. Azərbaycanın Qarabağ daxil bütün ərazilərində Azərbaycan qanunları işləyir. Azərbaycanın bütün sərhədlərində milli atributumuz üçrəngli bayrağımız dalğalanır. Hər kəs Azərbaycanın gücünü gördü, şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı. Bütün dünya dostlar sevərək, düşmənlər sızlayaraq təkrarladı: Qarabağ Azərbaycandır!

 

İmamverdi Həmidov

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,

professor, filologiya elmləri doktoru.