Gömrük orqanı əməkdaşı öz vəzifələrini qanunvericiliyin tələblərini və bu Kodeks ilə müəyyən edilmiş etik davranış qaydalarını rəhbər tutmaqla icra etməli, həmkarları və digər şəxslərlə münasibətlərdə səmimi olmalı, həqiqəti söyləməklə riyakarlıqdan qaçmalı, qanuni və ədalətli qərar və hərəkətləri ilə düzgün mövqe nümayiş etdirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə və xidmət sahəsinə, əqidəsinə, ictimai və hər hansı digər birliyə mənsubiyyətinə görə şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsinə şərait yaradılmasına yol verməməlidir.
Gömrük orqanı əməkdaşı ailə üzvlərinin, qohumlarının, dostlarının, habelə sosial və digər münasibətlərinin onun xidməti fəaliyyətinə təsir etməsinə yol verməməlidir.