Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yaşar İbrahimovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***

saat 18.24

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 28-də, saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi bildirilir.

Məlumata görə, R.İbrahimov psixi xəstəlikdən əziyyət çəkir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.