Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada – Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger – 75%; Çad və Mərkəzi Afrika Respublikası – 68%; Banqladeş – 66%; Qvineya – 63%; Mozambik – 56%; Mali – 55%; Burkina-Faso və Cənubi Sudan – 52%; Malavi – 50%; Hindistan – 47% fərqlənirlər.
Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir.
BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2011-2020-ci illər arasında 140 milyondan çox erkən nikah hadisəsi baş verəcək. Hazırkı erkən nikah səviyyəsinin qorunması davam edərsə, 14.2 milyon qız hər il daha tez ailə quracaq, yəni hər gün 39 min nikah hadisəsi baş verəcək. Üstəlik, 18 yaşına çatmadan ailə quran 140 milyon qızdan 18,50 milyon nəfərinin yaşı 15-dən az olacaq.
2023-cü ilin birinci yarısında Azərbaycanda 17 erkən nikahın qarşısı alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bu barədə məlumat verib.
Xatırladaq ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikah hallarlı üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etmələrini tövsiyə edir.
Bu məqalə “Tərəqqi” Sosial Tədqiqatlar İB-in icra etdiyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində dərc olunub. Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.