Gün ərzində likvidliyin idarə olunması bankın adi və stress şəraitində ödəniş və hesablaşmalar üzrə yaranan öhdəliklərini vaxtında icra etmək məqsədilə gün ərzində likvidlik mövqeyinin və risklərinin effektiv idarə edilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Gün ərzində likvidliyin idarə olunmasının əsas məqsədi kritik olan öhdəlikləri müəyyənləşdirmək, prioritetləşdirmək və kritik olmayan öhdəliklər ilə əvəz etməkdir. Bu məqsədə nail olmaq üçün bank ən azı aşağıdakıları həyata keçirməlidir:
– gözlənilən gündəlik mədaxil və məxariclərin həcmini və vaxtını təhlil etməklə gün ərzində fərqli vaxtlar üzrə likvidlik tələbini proqnozlaşdırmalı;
– gün ərzində likvidlik mövqeyini monitorinq etməli və zəruri hallarda ödənişləri prioritetləşdirməli;
– gün ərzində likvidlik tələbinə qarşı adekvat həcmdə likvid aktivlər, habelə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlər saxlamalı;
– gün ərzində məxariclərin vaxtında və effektiv şəkildə icrası üçün idarəetmə sistemini formalaşdırmalı;
– gün ərzində pul axınları üzrə yarana biləcək gözlənilməyən pozuntulara qarşı hazırlıqlı olmalı;
– adekvat siyasətə, prosedurlara və sistemə sahib olmalıdır.