Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Bəli, vətəndaşlarımız artıq sözün əsl mənasında alışıblar ki, təkcə paytaxtımızda yox, bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. “Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi” ifadəsi isə yüzlərlə məqalə və reportajın başlığına çevrilib.
Çəkinmədən deyə bilərik ki, Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidentinin səsləndirdiyi növbəti fikir beynəlxalq münasibətlər sisteminin müasir əxlaq kodeksinin fəlsəfəsini müəyyən etmək iqtidarındadır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil”. Prezidentin bəzi ölkələrin beynəlxalq siyasi “əxlaqsızlığına” işarə edərək öz fikrini növbəti sözlərlə inkişaf etdirdi: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.” Əlbəttə ki, Prezident İlham Əliyevin sözügedən sözlərinin ünvanı, ilk növbədə, Azərbaycanın qonşusu olan Ermənistandır. Ancaq “iki və ya daha çox stulda oturmaq istəyi” xəstəliyinə yoluxmuş ölkələrin sayı heç də az deyil. Müasir beynəlxalq münasibətlər sisteminin özəl xüsusiyyətlərini ifşa edən bu cür mesajlar qaçılmaz olaraq ölkələrarası münasibətlərdə yeni yanaşma və baxışlarının formalaşmasını labüd edir.
İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.
Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.
Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.
Humay Abdullayeva
Nəsimi rayon sakini