Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.
Heftelik.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
O deyib ki, bu gün vəzifəsindən ayrılır:
“Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam”.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Nizam Ramiz oğlu Mirzəyevi döyüb.
Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.
Xatırladaq ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.