Test imtahanında namizədlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına aid 40 (qırx) sual, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri və s.) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri və s.) aid 20 (iyirmi) sual təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Test imtahanı suallarının cavablandırılması üçün 150 (bir yüz əlli) dəqiqə vaxt ayrılır. Əlilliyi olan şəxslərin test imtahanında iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın 33-cü və 34-cü hissələrinə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test imtahanın davametmə müddəti 30 (otuz) dəqiqə artırılır.