Azərbaycanın regionda yaratdığı reallıqlar Mərkəzi Asiya ölkələrinin inkişafına öz müsbət təsirini göstərir. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, regionda yeni reallıq yaradıldı. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin qarantına çevrilib. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana diqqət və marağını artırır, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır. Dövlət başçısı İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Zirvə görüşü son 25 ildə SPECA-ya üzv ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı: “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu əminliyi də ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.
Mehman İbrahimov
Nəsimi rayon sakini, Vətən müharibəsi qazisi