Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisə daxil olan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

Layihəyə əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.

Layihəyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) yuxarıda nəzərdə tutulmuş müddətlərə daxil edilməyəcək.