Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” movzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib.
“Selektiv abortlara görə dünyada lider olmağımız ürək ağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik”, – komitə sədri bildirib.
Hicran Hüseynova qeyd edib ki, bu, özü də İslamda günahdır: “Necə oldu ki, bizim özünü müsəlman adlandıran şəxslərimiz belə əməllərə əl atırlar. Burada qadını günahlandırırlar. Çox istərdim ki, məscislərdə axundlarla görüş keçirərkən bu məsələni də qaldırasınız və məlumatlandırıcı çıxışlar edəsiniz. Bu sahədə mənim ölkəm artıq Çini keçib. Biz əvvəl Çini danışırdıq, indi isə birinci yerdəyik. Hesabatlar zamanı bizə çox iradlar bildirirlər”.