Rayon icra hakimiyyətlərinin abadlıq, parklarda istifadə olunacaq oyun qurğuları və müxtəlif təyinatlı malların satın alınması adı altında xüsusən ilin sonunda büdcə vəsaitlərini “xərcləməsi” ənənəsi davam edir.

Heftelik.az-ın xəbərinə görə, Hesablama Palatasının da dövlət qurumlarının ilin son rübündə xərcləri və böyük həcmdə vəsaitlərin şübhəli, çox  vaxt da məhz eyni şirkətlər üzərindən “xərclənməsi”nə diqqət çəkməsinə baxmayaraq, icra qurumları bu yeyinti ənənəsindən əl çəkmir.

İcra başçılarının son illər çoxsaylı həbsləri də büdcə vəsaitlərini talamaq ənənəsinə son qoymur.

Beləliklə, Heftelik.az son iki gündə açıqlanan diqqət çəkən tenderlərin nəticələrini təqdim edir:

Samux rayon İcra Hakimiyyətinin Samux şəhəri ərazisində abadlıq işləri ilə əlaqədar tenderinin qalibi “Elman” MMC qalib elan olunub. Bunun üçün 213.944,68 manat xərclənəcək.

Firdovsi Əliyev

Samux rayonu İcra Hakimiyyətinin başçısı bir ay əvvəl – 25 oktyabr 2023-cü il tarixində bu vəzifəyə təyin edilmiş Firdovsi Əliyevdir.  Firdovsi Əliyev 2004-2023-cü illərdə ekologiya və təbii sərvətlər nazirinin müavini,  2023-cü ilin mart ayından 25 oktyabr 2023-cü il tarixinədək ekologiya və təbii sərvətlər nazirinin müşaviri  vəzifələrində çalışıb.

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin parklarda istifadə olunacaq oyun qurğularının satın alınması ilə bağlı tenderinin qalibi “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti olub.  Bunun üçün 248.567 manat ayrılıb.

                  Elşən Salahov

 

Xəzər rayon İcra Hakimiyyətinin başçısı 2019-cu ildən bu vəzifədə olan Elşən Salahovdur. Elşən Salahov Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovun oğludur.

Qeyd edək ki, bundan 10 gün əvvəl Xətai rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin parklarda istifadə olunacaq oturacaq və zibil qutuların satın alınması ilə əlaqədar elan etdiyi tenderin qalibi də “BİLGƏ QRUP” QSC elan olunub. Bunun üçün  199.567,5 manat xərclənəcək.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xidməti istifadə üçün nəzərdə tutulan müxtəlif təyinatlı malların satın alınması ilə bağlı tenderinin qalibi də “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti olub.  Bunun üçün  210.959,81 manat ayrılıb.

          Vuqar Zeynalov

Səbail  rayon İcra Hakimiyyətinin başçısı 2018-ci ildən bu vəzifədə olan Vuqar Zeynalovdur. Vuqar Zeynalov 2022-ci ilin noyabrında Gülüstan sarayında oğluna təmtəraqlı toy etməsi ilə gündəmə gəlib. “Unikal” həmin vaxt 1000 nəfərlik zalda menyunun qiymətinin minimum 310 manat olduğu nəzərə alınaraq, məclisə 500 min manata yaxın pul xərcləndiyini yazıb.