Qulluq stajına görə hərbçilərin əmək pensiyasına əlavələrin fərqli hesablanmasının səbəbləri açıqlanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib ki, hərbi qulluqçular var ki, eyni vəzifədə, fərqli rayonda işləyir, onlardan biri yüksəkliyə görə qulluq əlavəsi alır, biri almır.
Elnur Abbasov bildirib ki, belə amillər təminat xərcliyinə təsir edir: “Bu amillər təminat xərcliyinə təsir etdiyinə görə də məbləğ fərli çıxır. Yaxud əlavələrə xidmət etdiyi illər təsir edir. Tutaq ki, bir hərbçi 22 il, digər hərbçi 25 il xidmət edir, arada 5-10 faizə qədər fərq yaranır. Hərbçilərlə bağlı 20-ci maddədə 4 alt bənd var. Burada xidmət illərini tamamlayaraq pensiyaya çıxanlar, yaşa və səhhətinə görə pensiyaya çıxanlar, ştatların ixtisarına görə pensiyaya çıxanlar və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular məsələsi var. Bunların hər birində əmək pensiyasına əlavələrin faizləri fərqlidir. Məsələn, qarışıq staşda bu əlavələr 1 faizdir. Ancaq 25 ilini tamamlayıb pensiyaya çıxanlarda bir qayda olaraq Müdafiə Nazirliyi sistemində çalışıbsa, bu dəyişiklik təsdiq olunandan sonra hər ilinə görə pensiya təminatına 3 faiz əlavə veriləcək, digər qurumlarda isə 2 faiz verilməsi davam edəcək. Yəni qarışıq staşda pensiyaya çıxanlara verilən 1 faiz əlavə azaldılmır. Faizlər arasında fərqin aradan qaldırılması ilə bağlı deputatlar tərəfindən irəli sürülən təkliflərə gəlincə, uzun müddət hərbi xidmətin hesablanması ilə bağlı Nazirlər Kabinetinin 631 saylı qərarı var. Həmin qaydalarda xidmət dövrləri bəzi ərazilər və hərbi hissələrdə 2 qat, 1,5 qatla hesablanır. Məsələn, cəbhə bölgəsində xidmət edirsə, 1 ili 2 il kimi hesablanır. Bizim təhlillər, statistika onu göstərir ki, əksəriyyət hərbi qulluqçularda təqvim ili 25, 30 təqvim ili olmasına baxmayaraq onun xidmət dövrü əmsallar nəzərə alınmaqla 40 il, 45 il, bəzən daha uzun müddət olduğuna görə böyük əksəriyyəti 100 faiz xidmət dövrünü tamamlayırlar. Ona görə də buna müdaxilə etməyə, bu sahədə qanunu dəyişməyə zərurət görmədik”.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda pensiya hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir.
Layihəyə əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.
Qüvvədə olan qanuna görə, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir.
Layihəyə əsasən, yuxarıda qeyd edilən şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən ediləcək.