Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.
“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”, – deyə direktor bildirib.
Qeyd edək ki, artıq bir müddətdir Azərbaycanda qızılca xəstəliyinə kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.

TƏBİB-dən Heftelik.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.